Azərbaycan millisi Avropa rekordunu təkrarlayıb

Kişi boksçulardan ibarət Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına 4-cü lisenziyanı qazanıb. Bu uğura Malik Həsənov imza atıb.

63,5 kq çəkidə mübarizə aparan idmançımız multiidman yarışına vəsiqəni Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində əldə edib. Malik Paris-2024 lisenziyasını daha öncə qazanan Nicat Hüseynov (51 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayevə (+92 kq) qoşulub.

Bununla da Azərbaycan yığması Fransa paytaxtına ən çox lisenziya qazanan Avropa ölkəsi adına şərik olub. Ölkəmizdən başqa, hələlik meydan sahibləri və İspaniya kişilərin mübarizəsində 4 çəki ilə təmsil olunmaq hüququ qazanıblar. Rekorda sahib 3 ölkənin ən yaxın izləyiciləri İtaliya, Türkiyə və İrlandiyanın hesabında üç vəsiqə var.

Qeyd edək ki, Azərbaycan millisi Parisdə 7 çəki dərəcəsindən altısında təmsil şansını da saxlayır. Yığmamızın daha iki üzvü Tailanddakı çıxışını davam etdirir. Boksçularımızdan Şamil Əsgərov (57 kq) və Alfonso Dominqes (92 kq) “dördlüy”ə qoşula bilər.