Gəncədə III MDB Oyunlarının rəsmi açılış mərasimi keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə yeni istifadəyə verilmiş Gəncə Stadionunda III MDB Oyunlarının rəsmi açılış mərasimi baş tutub.

Əvvəlcə Azərbaycan Respublikasının üçrəngli Bayrağı arenaya gətirilib və Dövlət Himnimizin sədaları altında ucaldılıb. Ardından III MDB Oyunlarının iştirakçı ölkələrinin paradı baş tutub. Azərbaycan Bayrağını karateçi Asiman Qurbanlı və taekvondoçu Zemfira Həsənzadə daşıyıblar.

Təntənəli tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri Samir Şərifov çıxış edərək, qonaqlar, atletlər, məşqçilər və idmansevərləri salamlayıb. Daha sonra MDB Baş katibinin müavini Nurlan Seytimov çıxış edib və MDB Baş katibi Sergey Lebedevin təşkilatçılara, iştirakçılara və qonaqlara müraciətini səsləndirib.

Tədbirdə III MDB Oyunlarının andiçmə mərasimi keçirilib. İdmançılar adından çövkən üzrə milli yığma komandanın kapitanı, dünya və Avropa çempionu Elçin Camallı, məşqçilər adından sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi Əsgərxan Novruzov, hakimlər adından isə bədii gimnastika üzrə beynəlxalq dərəcəli hakim Ləman Cəbrayılova and içiblər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev III MDB Oyunlarını rəsmi olaraq açıq elan edib. III MDB Oyunları üçün hazırlanan rəsmi mahnı sədaları altında MDB bayrağı qaldırılıb.

Açılış mərasimi bədii hissə ilə davam edib. Azərbaycanın milli rəqsləri və milli adət-ənənələrini əks etdirən nümayişlər təqdim olunub. Tamaşaçılar Qarabağ atlarının möhtəşəm çıxışını böyük maraqla izləyiblər. Ardınca səmaya sülhün rəmzi olan ağ göyərçinlər buraxılıb. Tədbir dronların heyranedici şousu və möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.

Qeyd edək ki, Oyunların bağlanış mərasimi oktyabrın 8-də Gəncə Stadionunda baş tutacaq.