Emil Qurbanəliyev “Ədalətli oyun prinsiplərinə sadiq hakim” nominasiyasının qalibi olub

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyasının 2024-cü ilin yekunlarına əsasən elan etdiyi nominasiya qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftahətdinova, Fərid Mansurov, MOK-un baş katibi Azər Əliyev, Ədalətli Oyunlar Komissiyasının sədri, Avropa Ədalətli Oyunlar Hərəkatının İcraiyyə Komitəsinin üzvü Xəzər İsayev, İSSA-nın İcraiyyə Komitəsinin üzvü, Ər-Riyad-2025 İslam Həmrəyliyi Oyunlarının Koordinasiya Komissiyasının sədri, millət vəkili Könül Nurullayeva, idman federasiyalarının rəsmiləri, Olimpiya və dünya çempionları, idman ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.
“Ədalətli oyun prinsiplərinə sadiq hakim” nominasiyasının qalibi boks hakimi Emil Qurbanəliyev olub. Ona mükafatı Zemfira Meftahətdinova təqdim edib.
Qeyd edək ki, Emil Qurbanəliyev ötən il bir sıra mötəbər yarışlarla yanaşı, Paris-2024 Yay Olimpiya Oyunlarında da referilik edib. O, Olimpiadada döyüşləri ən yaxşı idarə edən ədalət təmsilçisi seçilib.


