Azərbaycanın üç boksçusu dünya çempionatında 1/4 finala vəsiqə əldə edib

Monteneqronun Budva şəhərində boks üzrə U-19 dünya çempionatı davam edir. Yarışın yeddinci günündə 1/8 final mərhələsinə start verilib.

Bu mərhələdə rinqə çıxan Nihat Qasımov (55 kq) Karlos Moraleslə (Meksika) qarşılaşıb. Boksçumuz rəqibini 4:1 (29:28, 28:29, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib. O, oktyabrın 24-də 1/4 finalda Li Larci Snoddonla (İrlandiya) döyüşəcək.

Şahin Aslanov (65 kq) Robert-Jsolt Buzasdan (Rumıniya) güclü olub – 4:1 (27:29, 28*:28, 28*:28, 28*:28, 28*:28). Boksçumuz oktyabrın 23-də 1/4 finalda Asan Cenkinsi (ABŞ) sınağa çəkəcək.

Gülər Hüseynova (51 kq) da 1/8 final görüşündən qalib ayrılıb. Avropa çempionumuz  Nataşa Lukiçi (Serbiya) 5:0 (30:26, 29:27, 30:26, 29:27, 29:27) hesabı ilə məğlub edib. Hüseynova oktyabrın 24-də 1/4 finalda Qrenyellis Qarsiya (Venesuela) ilə gücünü yoxlayacaq.

Qeyd edək ki, dünya çempionatına oktyabrın 27-də yekun vurulacaq.