Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında mərhələ adlayıb

Bolqarıstanın paytaxtı Sofiyada boksçular arasında Avropa çempionatı davam edir. Yarışın ikinci günündə Azərbaycan millisinin daha 2 idmançısı qələbə qazanıb.

Məhəmmədəli Aşırəliyev (60 kq) 1/16 finalda Edqaras Skurdelislə (Litva) döyüşüb. Boksçumuz hakimlərin yekdil qərarı ilə qalib gəlib – 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27). O, ikinci cəhdində – sentyabrın 21-də ilk mərhələdən azad olan Ayder Abduraimovla (Ukrayna) qüvvəsini sınayacaq.

Malik Həsənov (65 kq) da Avropa çempionatına qələbə ilə başlayıb. Təmsilçimiz ilk döyüşündə Bilge Kağan Kanlıdan (Türkiyə) güclü olub – 5:0 (30:25, 30:27, 30:27, 30:27, 30:27). Həsənov 1/8 finalda ilk mərhələdən azad olan Rumen Rumenovla (Bolqarıstan) münasibətinə aydınlıq gətirəcək. Görüş sentyabrın 20-nə təsadüf edəcək.

Qeyd edək ki, yarışa sentyabrın 25-də yekun vurulacaq.