Azərbaycanın bir boksçusu Avropa çempionatında 1/2, daha biri 1/4 finalda iştirak hüququ qazanıb

Bolqarıstanın paytaxtı Sofiyada boksçular arasında Avropa çempionatı davam edir. Yarışın beşinci günündə Azərbaycan millisinin daha 2 idmançısı qələbə qazanıb.
Nəbi İsgəndərov (70 kq) 1/4 finalda Kalman Hankonu (Macarıstan) sınağa çəkib. Boksçumuz ardıcıl 3-cü döyüşündən də qalib ayrılıb – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). İsgəndərov yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı da təmin edib. Onun finala gedən yolda rəqibi Con MakKonnell (İrlandiya) olacaq.
Səidcəmşid Cəfərov (75 kq) 1/8 finalda Muksim Abdullayla (Almaniya) üz-üzə gəlib. Dünya çempionatının mükafatçısı hər 3 raundu xeyrinə bitirib və yekunda 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. O, növbəti görüşündə Kevin Skottla (İsveç) qüvvəsini sınayacaq.
Hər 2 görüş sentyabrın 23-də keçiriləcək.
Qeyd edək ki, yarışa sentyabrın 25-də yekun vurulacaq.










