Azərbaycanın 5 boksçusu dünya birinciliyinin yarımfinalında mübarizə aparacaq
Monteneqronun Budva şəhərində gənc boksçular arasında dünya birinciliyində 1/4 final mərhələsinə yekun vurulub. Mərhələnin ikinci günündə Azərbaycan millisinin daha 3 idmançısı adını yarımfinala yazdırıb.
Aynur Mikayılova (57 kq) Reka Varqa Sara (Macarıstan) ilə qarşılaşıb. O, ilk raundda tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib və özü üçün azı bürünc medalı təmin edib. Bu, boks tariximizdə yeni səhifədir. Aynur fəxri kürsüyə qalxacaq ilk azərbaycanlı qız boksçu olacaq. Mikayılova finala gedən yolda türkiyəli Pinar Beneklə qarşılaşacaq.
Məhəmmədəli Qasımzadə (60 kq) də növbəti qələbəsini qazanıb. Boksçumuz Sandro Spicaya (Fransa) 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib. Boksçumuz yarımfinalda Platon Kozlovla (Rusiya) döyüşəcək.
Zidan Hümbətov (51 kq) isə 1/4 finalında gücünü Meroj Sufijonova (Tacikistan) göstərib. O, rəqibini 3:2 (27:30, 30:27, 30:27, 29:28, 28:29) hesabı ilə məğlub edib. Hümbətov yarımfinalda Castin Morena (Kolumbiya) ilə qüvvəsini sınayacaq.
1/4 final döyüşlərində qələbə qazanan boksçularımız özləri üçün azı bürünc medalı da təmin ediblər.
Beləliklə, dünya birinciliyinin yarımfinalında Azərbaycanın 5 idmançısı mübarizə aparacaq. Daha öncə Bilalhəbaşi Nəzərov (48 kq) və Əli Abdullayev (63,5 kq) də bu hüquqa yiyələnib.
Qeyd edək ki, yarımfinal mərhələsinin görüşləri bu gün keçiriləcək.