Boksçumuz Şəhla Allahverdiyeva ispaniyalı rəqibinə qalib gəlib

İtaliyanın Busto Arsizio şəhərində boks üzrə I Dünya Olimpiya Təsnifat Turniri davam edir. Yarışın altıncı günündə Azərbaycan millisinin heyətində ilk olaraq rinqə Şəhla Allahverdiyeva çıxıb.

66 kq çəkidə mübarizə aparan boksçu 1/16 final mərhələsi çərçivəsində Mariana Soto Torres (İspaniya) ilə üz-üzə gəlib. Döyüş Allahverdiyevanın qələbəsi ilə başa çatıb. O, rəqibini 5:0 hesabı ilə məğlub edib.

Bununla da ardıcıl ikinci qələbəsini qazanan Şəhla 1/8 finala yüksəlib və Paris-2024 Yay Olimpiya Oyunları üçün lisenziyaya bir addım da yaxınlaşıb. Yığma üzvü üçüncü döyüşünə martın 9-da çıxacaq. Allahverdiyevanın rəqibi ukraynalı Anastasiya Çernokolenko olacaq.

Qeyd edək ki, bu gün daha 2 boksçumuz qüvvəsini sınayacaq. Marjona Savriyeva (50 kq) Meylin Çala Susanla (Ekvador), Ümid Rüstəmov (57 kq) Bakari Hassanla (Keniya) döyüşəcək.