Boksun Tarixi

5000 il öncə

Boks demək olar ki, cəmiyyətin yarandığı ilk dövrlərdən dünya xalqları arasında yayılmağa başlayıb. Bu idman növü hələ beş min il bundan əvvəl Misir və Babilistanda mövcud olan yumruq döyüşü əsasında inkişaf edib. Müasir boksa bənzəyən yumruq döyüşləri qədim Yunanıstanda da təşkil olunub.

e.ə. 688

Eramızdan əvvəl 688-ci ildə boks antik Olimpiya oyunlarının proqramına daxil edilib. İlk Olimpiya çempionu adına yunanıstanlı Onamastus layiq görülüb. Məşhur riyaziyyatçı və filosof Pifaqor da boks üzrə antik Olimpiya oyunlarının qaliblərindən olub. Arxeoloji qazıntılar nəticəsində Əlcəzairdə tapılan vaza üzərindəki rəsmlər onu göstərir ki, boks (yumru q döyüşü) qədim dövrlərdə Afrikanın cənubunda da özünə pərəstişkarlar tapıb.

XVIII əsr

Müasir boks XVIII əsrin əvvəllərində İngiltərədə təşəkkül tapıb. 16 avqust 1743-cü ildə İngiltərə çempionu Cek Broton ilk qaydalar toplusunu – Broton qaydalarını hazırlayıb. 1867-ci ildə markiz Kuinsberrinin yeni boks yarış qaydaları qəbul olunub. Bundan sonra boks idman növü kimi inkişaf etməyə başlayıb. Artıq döyüş raundlara bölünməyə başladı. Raundlar arası qısa fasilələrdə idmançıların dincəlməsi yarışın tempini və hərəkət dinamikasını xeyli artırıb. Tutmaların qadağa qoyulması boksu güləşə oxşamaqdan xilas edib. Daha yumuşaq əlcəklərdən istifadə olunması təhlükəsizliyi təmin etməklə yanaşı, zərbələrin rəngarəngliyini də artırıb. Kuinsberrinin yarış qaydaları müasir boksda həm peşəkarlar, həm də həvəskarlar üçün əsas qaydalar oldu.

1924

1924-cü ildə Beynəlxalq Həvəskar Boks Federasiyası (FİBA) yaradılıb. Bu təşkilat 1946-cı ildən AİBA adlanmağa başlayıb. İlk Avropa çempionatı 1924-cü ildə təşkil olunub. Dünya çempionatı isə bundan 50 il sonra – 1974-cü ildə keçirilib. 1991-ci iləkimi dünya çempionatları hər 4 ildən bir keçirilirdi. Bundan sonra mundial iki ildən bir təşkil olunmağa başladı.

yeni dövr

Dünya çempionatlarında qələbələrin sayına görə rekordçu kubalı Feliks Savondur (6 qat çempion). Sidney Olimpiadasında 3 qat Olimpiya çempionu olan Savon Teofilo Stivenson və Laslo Pappın göstəricisini təkrarladı. Avropa boksçuları arasında ən yaxşı göstərici polşalı Zbiqnev Petşikovskiyə məxsusdur – 4 qat Avropa çempionu.