Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib
Gənclər boksçular arasında Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib. Tədbir torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Ardınca parad keçidindən sonra Azərbaycan Boks Federasiyası prezidentinin müşaviri Samir Hüseynov çıxış edib. O bildirib ki, son yarışla müqayisədə həm iştirakçı, həm də komanda sayında artım var. Hüseynov qeyd edib ki, birinciliyə döyüşlərin daha obyektiv və ədalətli keçirilməsi üçün ölkə xaricindən supervayzer və İBA-nın 3 ulduzlu 2 hakimi dəvət edilib.
Azərbaycan himni səsləndirildikdən sonra yarış açıq elan olunub.
Qeyd edək ki, Boks Mərkəzində təşkil olunan yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək. Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 59 komandanın 227 oğlan boksçusu qatılıb. Qaliblərin adına isə noyabrın 6-da aydınlıq gələcək.
Birinciliyin supervayzeri serbiyalı Draqolyub Radoviç, baş hakimi Anar Babanlı olacaq. Özbəkistanlı Aleksandr Hamidov və qırğızıstanlı Jamila Borkoyeva jüri funksiyasını yerinə yetirəcək.