Ağacan Abiyev – 86

Bu gün Azərbaycan Boks Federasiyasının sabiq prezidenti Ağacan Abiyevin doğum günüdür. Texnika elmləri namizədi, professor, Azərbaycanın əməkdar elm xadimi, Beynəlxalq Elmlər Akademiyasının üzvünün 86 yaşı tamam olur.
Boksçu karyerası ərzində dəfələrlə beynəlxalq turnirlərdə mükafat qazanan, 6 dəfə Azərbaycan çempionu olan Abiyev SSRİ-nin əməkdar idman ustası, beynəlxalq dərəcəli idman ustası adlarına layiq görülüb. İdmançı karyerasını başa vurduqdan sonra beynəlxalq dərəcəli hakim kimi fəaliyyət göstərən yubilyar 1957-ci ildən “Neftçi” İdman Cəmiyyətində məşqçi kimi də fəaliyyət göstərib. 1984-cü ildən 2009-cu ilədək Azərbaycan Boks Federasiyasının prezidenti, 2009-2022-ci illərdə qurumun I vitse-prezidenti olan Abiyev 2 Dünya kuboku, 2 dünya çempionatı və 1 Avropa birinciliyində baş hakimlik edib. O, Avropa Boks İttifaqının vitse-prezidenti, Hakimlər Komitəsinin sədri, Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) İcraiyyə Komitəsinin və Hakimlər Komissiyasının üzvü vəzifələrini də tutub.
Azərbaycan Boks Federasiyasının kollektivi Ağacan Abiyevi yubileyi münasibəti ilə təbrik edir, ona uzun ömür və can sağlığı arzulayır.