Azərbaycan çempionatında 41 komandadan 167 boksçu mübarizə aparacaq

Bu gün kişi boksçular arasında Azərbaycan çempionatına start veriləcək. Boks Mərkəzində təşkil olunacaq yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.

Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 41 komandanın 167 boksçusu qatılacaq. Yarışın açılış mərasimi saat 11:30-da, döyüşlər saat 12:00-da başlanacaq.

Çempionatda qaliblərin adına dekabrın 8-də aydınlıq gələcək. Final döyüşləri “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, yarışın baş hakimi Anar Babanlı, supervayzeri Aleksandr Həmidov (Özbəkistan) olacaq. Döyüşləri yerli referilərlə yanaşı, xarici ədalət təmsilçiləri də idarə edəcəklər. Onlardan Yaşar Çinar (Türkiyə), Sid Ali Mokretari (Əlcəzair), Akmalcon Abdulayevlə (Tacikistan) və Bekcon Yusupov (Özbəkistan) İBA-nın 3 ulduz kateqoriyasına malikdir.

Türkiyəli və əlcəzairli ədalət təmsilçilərinin, həmçinin dünya çempionatı və Yay Olimpiya Oyunları təcrübəsi var.