Avropa çempionatında daha 4 boksçumuz 1/4 finala yüksəlib

Xorvatiyanın Poreç şəhərində boks üzrə U-23 Avropa çempionatı davam edir. Yarışın üçüncü günündə Azərbaycan millisinin daha 4 idmançısının hər biri mərhələ adlayıb.
Bilalhəbaşi Nəzərovun (50 kq) rəqibi Katalin Turkunun (Moldova) çəkisi artıq olduğu üçün döyüşə buraxılmayıb və boksçumuz qalib elan edilib. İkiqat Avropa çempionumuz 1/4 finalda Filip Horvatla (Çexiya) münasibətinə aydınlıq gətirəcək.
Zidan Hünbətov (55 kq) 1/8 finalda Badreddin Buraouiaya (İtaliya) heç bir şans verməyib. Hər 3 raundu xeyrinə bitirən təmsilçimiz yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə qalib gəlib. Hünbətov 1/4 finalda Nikola Maksimoviçi (Serbiya) sınağa çəkəcək.
Məhəmmədəli Aşırəliyev (60 kq) 1/8 finalda Abdullah Rahalı (İsrail) mübarizədən kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27). O, Poreçdə üçüncü cəhdində Brandon Hinea Kollasosla (İspaniya) gücünü yoxlayacaq.
Nicat Alırzayev (70 kq) da adını 1/4 finala yazdırıb. Boksçumuz Edqaras Trotenskisi (Litva) 3:2 (30:27, 28:29, 30:27, 29:28, 28:29) hesabı ilə məğlub edib. O yarımfinala gedən yolda Miloş Roqanoviçlə (Monteneqro) üz-üzə gələcək.
Son iki boksçumuzun döyüşü noyabrın 20-də, digər ikisinin görüşü bir gün sonra olacaq.
Qeyd edək ki, 39 ölkədən 276 idmançının qatıldığı çempionata noyabrın 24-də yekun vurulacaq. Yarışda bir gün öncə daha 1 boksçumuz 1/4 finala vəsiqə qazanıb.







