Azərbaycanın 2 boksçusu Avropa çempionatında finala vəsiqə qazanıb, 1-i bürünc medala yiyələnib

Bolqarıstanın paytaxtı Sofiyada boksçular arasında Avropa çempionatı davam edir. Yarışın yeddinci günündə də Azərbaycan millisi uğurlu çıxışı ilə yadda qalıb.
Sübhan Mamedov (50 kq) yarımfinalda Samet Gümüşlə (Türkiyə) üz-üzə gəlib. Dünya çempionumuz 3:2 (30:27, 28:29, 30:27, 28:29, 29:28) hesabı ilə qələbə qazanaraq finala yüksəlib. Mamedovun həlledici döyüşdə rəqibi Bair Batlayev (Rusiya) olacaq. Qarşılaşma sentyabrın 24-də baş tutacaq.
Nəbi İsgəndərov (70 kq) da adını finala yazdırıb. Boksçumuz Con MakKonnellidən (İrlandiya) üstün olub – 4:1 (29:28, 28:29, 29:28, 29:28, 29:28). Dünya kubokunun mükafatçısı qızıl medal döyüşündə Sergey Koldenkovla (Rusiya) gücünü yoxlayacaq. Görüş sentyabrın 25-nə təsadüf edəcək.
Komanda yoldaşlarının uğurunu Səidcəmşid Cəfərov (75 kq) da davam etdirib. Dünya çempionatının mükafatçısı Kevin Skottu (İsveç) hər 3 raundda məğlub edib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). O, sentyabrın 24-də yarımfinalda Kalum Meykinlə (İngiltərə) münasibətinə aydınlıq gətirəcək.
Məhəmməd Abdullayev (+90 kq) isə yarımfinalda Damar Tomasla (İngiltərə) qüvvəsini sınayıb. Rəqib mərhələ adladığından boksçumuz bürünc medala yiyələnib.
Qeyd edək ki, bu gün 2 boksçumuz yarımfinal, 1-i final qarşılaşmasına çıxacaq.









