Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında yarımfinala yüksəlib

Bolqarıstanın paytaxtı Sofiyada boksçular arasında Avropa çempionatı davam edir. Yarışın altıncı günündə Azərbaycan millisinin daha 3 idmançısı yarımfinala yüksəlib.

Sübhan Mamedov (50 kq) 1/4 finalda İstvan Szaka (Macarıstan) ilə döyüşüb. Dünya çempionumuz rəqibini 3:2 (28:29, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə məğlub edib. O, sentyabrın 23-də yarımfinalda Samet Gümüşlə (Türkiyə) üz-üzə gələcək.

Amin Məmmədzadə (55 kq) də uğurlu seriyanı davam etdirib. O, Billal Bennamadan (Fransa) güclü olub – 3:2 (28:29, 28:29, 30:27, 30:27, 29:28). Boksçumuz sentyabrın 24-də yarımfinalda Vyaçeslav Roqozinlə (Rusiya) qarşılaşacaq.

Məhəmməd Abdullayev (+90 kq) də rinqdən qalib ayrılıb. Dünya kubokunun sahibi Omar Şihanı (Norveç) mübarizədən kənarlaşdırıb – 3:2 (28:29, 29:28, 30:27, 28:29, 29:28). Abdullayev sentyabrın 23-də yarımfinalda Damar Tomasla (İngiltərə) münasibətinə aydınlıq gətirəcək.

Yarımfinala yüksələn 4 boksçumuz özləri üçün azı bürünc medalı da təmin edib. Bu gün həmçinin Nəbi İsgəndərov (70 kq) 1/2 finalda Con MakKonnelli (İrlandiya), Səidcəmşid Cəfərov (75 kq) 1/4 finalda Kevin Skottu (İsveç) sınağa çəkəcək.

Qeyd edək ki, yarışa sentyabrın 25-də yekun vurulacaq.