Azərbaycanın 2 boksçusu Olimpiya Təsnifat Kubokunda 1/4 finala yüksəlib

Taylandın paytaxtı Banqkokda gənc boksçular arasında Olimpiya Təsnifat Kuboku davam edir. Yarışda Azərbaycan millisinin iki idmançısı 1/4 finala vəsiqəni rəsmiləşdirib.
Şahin Aslanov (65 kq) ardıcıl üçüncü qələbəsini qazanıb. O, 1/8 finalda Jan Kambanı (Puerto-Riko) 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib. Avropa çempionatının finalçısı növbəti döyüşündə Rostislav Orodinskini (Ukrayna) sınağa çəkəcək.
Gülər Hüseynova (48 kq) da 1/8 final görüşündən qalib ayrılıb. Avropa çempionu Qyana Nonfala (ABŞ) üzərində 3:0 (29:27, 29:27, 29:27, 28:28, 28:28) hesabı ilə qələbə qazanıb. Hüseynova 3-cü qarşılaşmasında Qunjan Qunjanla (Hindistan) münasibətinə aydınlıq gətirəcək.
Qeyd edək ki, martın 15-də başa çatacaq yarışda lisenziyalar sonradan ölkələr və qitələr üzrə bölünəcək.