İslamiada: Üç boksçumuz yarımfinala yüksəlib

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları davam edir. Boks yarışlarının ikinci günü Azərbaycan millisinin daha 3 idmançısı qələbə qazanıb.

Məhəmmədəli Qasımzadə (60 kq) 1/4 finalda Adriko Cimmini (Uqanda) məğlub edib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). O, yarımfinalda Tamer Almatrfi (Səudiyyə Ərəbistanı) ilə üz-üzə gələcək.

Sərxan Əliyev (70 kq) 1/4 finalda Samandar Xabibullayevlə (Özbəkistan) döyüşüb. Boksçumuz 4:1 (30:27, 30:27, 30:27, 30:27, 28:29) hesabı ilə qələbə qazanıb. O, növbəti görüşündə Zeyad Eaşaşlə (İordaniya) münasibətinə aydınlıq gətirəcək.

Səidcəmşid Cəfərov (80 kq) isə Abdou Mustafanı (Əlcəzair) mübarizədən kənarlaşdırıb – 5:0 (30:26, 30:27, 29:27, 29:28, 30:26). Təmsilçimiz yarımfinalda Husseyn İaşaişlə (İordaniya) gücünü yoxlayacaq.

Hər üç boksçumuz yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edib.

Qeyd edək ki, İslamiadada boks yarışlarına noyabrın 10-da yekun vurulacaq.