Boksçularımızdan Avropa çempionatında 5 medal: Bilalhəbaşi Nəzərov ikiqat qitə çempionu olub

Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Çexiyanın Ostrava şəhərində keçirilən U-19 Avropa çempionatında qızıl medal qazanıb. 50 kq çəkidə mübarizə aparan millinin lideri finalda italiyalı Tommaso Orlando ilə qarşılaşıb.
Döyüş boksçumuzun inamlı qələbəsi ilə başa çatıb. Nəzərov rəqibini 5:0 (29:28, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə Avropa çempionu tituluna yiyələnib və Çexiyada Azərbaycan himini səsləndirib.
Banuçiçək Nəsirli (48 kq) isə finalda Matilda Fraqnierlə (Fransa) üz-üzə gəlib. Rəqib qalib gəldiyindən boksçumuz gümüş medala yiyələnib.
Beləliklə, Azərbaycan millisi Avropa çempionatında 5 medala sahib olub. Daha öncə Zidan Hümbətov (55 kq), Sübhan Babayev (60 kq) və İlkanə Əhmədova (+80 kq) 3-cü yeri tutublar.
Qeyd edək ki, 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan boksçularımız oktyabrın 11-də Vətənə qayıdacaqlar.
