MDB Oyunları: Daha 5 boksçumuz finala yüksəlib, 9-u bürünc medal qazanıb

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının boks yarışlarında yarımfinal mərhələsi başa çatıb. Yevlax Olimpiya İdman Kompleksində təşkil olunan turnirdə bu gün oğlan idmançılar final uğrunda mübarizə aparıblar. Görüşlərin yekununa əsasən, Azərbaycanın 5 boksçusu həlledici mərhələyə vəsiqə qazanıb, 9-u bürünc medala yiyələnib.

Qardaş Rəhimov (46 kq) yarımfinalda Damir Nazarovdan (Tacikistan) güclü olub. Boksçumuz rəqibini 3:2 (29:28, 28:29, 27:30, 29:28, 29:28) hesabı ilə məğlub edib. O, finalda Utkırbek Norkosimovla (Özbəkistan) döyüşəcək.

Əli Əliyev (48 kq) də adını həlledici görüşə yazıdırıb. O, Baltin Korqanbeka (Qazaxıstan) 3:2 (29:28, 28:29, 28:29, 29:28, 29:28) hesabı ilə qalib gəlməklə bu hüquqa yiyələnib. Əliyev finalda Azamjon Hasanovla (Tacikistan) münasibətinə aydınlıq gətirəcək.

Əli Abaslı (52 kq) da yarımfinal mübarizəsindən qalib ayrılıb. O, Xangeldi Lukmanovdan (Türkmənistan) üstün olub – 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27). Boksçumuz finalda Ediqe Nurqojanı (Qazaxıstan) sınağa çəkəcək.

Şahin Aslanov (60 kq) Dmitri Klyuşnikova (Rusiya) gücünü göstərib. Rəqibinə 4:1 (29:27, 26:30, 26:30, 27:29, 26:30) hesabı ilə qalib gələn təmsilçimiz finalda iştirak hüququ əldə edib. O, qızıl medal uğrunda Otabek Nurmahamadovla (Özbəkistan) döyüşəcək.

+80 kq-da Səfdər Məmmədzadə də rinqdən qalib ayrılıb. Millinin lideri Yerketanq Jarkinbeki (Qazaxıstan) 5:0 (29:27, 20:26, 29:27, 29:27, 29:27) hesabı ilə məğlub edib. Avropa çempionumuz finalda Farxodjon Bahadırovla (Özbəkistan) gücünü yoxlayacaq.

Bununla da finala vəsiqə qazanan boksçularımızın sayı 11-ə yüksəlib. Daha öncə 6 qız idmançımız da bu hüquqa yiyələnib.

Digər boksçularımızdan Əli Ruşanov (46 kq), Ayxan Həsənov (50 kq), Raul Heydərli, Əflatun İsmiyev (hər ikisi 57 kq), Toğrul Quliyev (60 kq), Haqverdi Həsənov (63 kq), Adil Zalov (70 kq),  Şükar Əliyev (75 kq) və İsmayıl Vəliyev (80 kq) MDB Oyunlarında bürünc medal qazanıblar. Nəticədə 3-cü yeri tutan boksçularımızın sayı 13-ə çatıb. Bürünc medallardan 4-ü qız boksçuların hesabındadır.

Qeyd edək ki, qız boksçuların final döyüşlər oktyabrın 4-də, oğlanlarda ertəsi gün olacaq.