2 boksçumuz Avropa çempionatında mərhələ adlayıb

Serbiyanın paytaxtı Belqradda boks üzrə Avropa çempionatı davam edir. Yarışın 3-cü günündə Azərbaycan millisinin 2 boksçusu mərhələ adlayıb.

Amin Məmmədzadə (54 kq) 1/8 finalda Psarras Aristotelislə (Yunanıstan) qarşılaşıb. Döyüş boksçumuzun üstünlüyü ilə keçib. Hər 3 raundda qalib gələn Məmmədzadə rəqibini 5:0 (30:25, 30:27, 30:27, 30:25, 30:27) hesabı ilə məğlub edib. O, aprelin 24-də baş tutacaq növbəti döyüşündə ilk mərhələdən azad olan fransalı Bilal Bennama ilə üz-üzə gələcək.

92 kq-da Alfonso Dominqes də 1/4 finala yüksəlib. Dünya çempionumuz ilk qarşılaşmasında mundialın bürünc medalçısı Viktor Şelstrat (Belçika) üzərində 4:3 hesabı ilə qələbə qazanıb. O, növbəti görüşündə Yan Zakla (İsrail) gücünü yoxlayacaq. Döyüş aprelin 22-nə təsadüf edəcək.

Qeyd edək ki, boksçularımızdan daha öncə Malik Həsənov (63,5 kq) da mərhələ adlayıb.