27 İyul 2021, Çərşənbə axşamı - 21:46

Yığmamızın baş məşqçisi: “Təlim-məşq toplanışını çox gözəl şəkildə başa vurduq”

Kişi boksçulardan ibarət Azərbaycan milli komandası Tokio Yay Olimpiya Oyunlarına hazırlığı başa vurub. Yığmamız təlim-məşq toplanışının son mərhələsini İtaliyanın Assizi şəhərindəki Boks Akademiyasında keçib.

10-dək ölkə təmsilçisinin qatıldığı məşqlərdə əsasən fiziki və taktiki hazırlığa diqqət yetirilib.

Milli komandamızın baş məşqçisi Umberto Orta Dominqes təlim-məşq toplanışından razı qalıb. O, abf.az-a bildirib ki, boksçuların hər biri Tokio Yay Olimpiya Oyunlarına hazırdır: “Təlim-məşq toplanışını çox gözəl şəkildə başa vurduq. Komandamız iyulun 18-də Yay Olimpiya Oyunlarında iştirak üçün Tokioya yollanacaq. Məşq proseslərimiz çox yüksək səviyyədə keçdi. Boksçuların hazırlığından, xüsusilə də fiziki durumundan çox razıyam. Hər biri Olimpiadanın startını səbirsizliklə gözləyir. Çəkilərində də problem yoxdur”.

Təcrübəli kubalı mütəxəssis Tokio-2020-dən gözləntilərini də açıqlayıb. O, Olimpiadada iştirak edəcək Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominqes (81 kq) və Məhəmməd Abdullayevin (+91 kq) hər birindən uğur gözlədiyi deyib: “Bütün boksçulardan medal gözləyirəm. Tayfur da fəxri kürsüyə qalxa bilər. Cavid dünya çempionudur, burada da öz sözünü demək gücündədir. Alfonso dünya reytinqində ikincidir. Onun da medal şansı yüksəkdir. Sotomayorun da Oyunlarda medal qazandığını nəzərə alsaq, bu dəfə də ümidlərimiz böyükdür. Məhəmməd də perspektivli idmançıdır və yarışda medal hədəfləyib. Bir sözlə, hər birinin mükafat qazanmaq şansı var. Amma hər bir yarışda idman şansının da vacib olduğunu yaddan çıxarmalı deyilik. Məqsədimiz Tokioda ən yaxşı şəkildə çıxış etməkdir”.

Qeyd edək ki, boksçularımız Tokioya İtaliyadan yollanacaqlar. Oyunlarda boks yarışları iyulun 24-də start götürəcək və avqustun 8-də bitəcək. Döyüşlər “Ryoqoku Kokuqikan” İdman Sarayında keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası