15 Dekabr 2018, Şənbə - 17:44

III Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib

Milli Olimpiya Komitəsində (MOK) Argentinanın paytaxtı Buenos Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına qatılacaq Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, nazir müavini İsmayıl İsmayılov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, qurumun baş katibi, Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abıyev, MOK-un baş katibinin müavini Azər Əliyev, federasiya rəsmiləri, məşqçilər və idmançılar iştirak ediblər.
Görüşdə nitq söyləyən Hüseynzadə yığmamızın Buenos Ayresdə uğur qazanacağına inam ifadə edib və komandamıza uğurlar arzulayıb. O bildirib ki, Azərbaycan I Yay Olimpiya Oyunlarında 5 qızıl və 3 gümüş medalla komanda hesabında 11-ci, ikinci dəfə təşkil edilən Oyunlarda isə 5 qızıl, 6 gümüş və 1 bürünc medalla 10-cu yeri tutub: “Yığmamızın Argentinada da layiqincə çıxış edəcəyinə inanıram”.
Ardınca Azərbaycan nümayəndə heyətinin rəhbəri Mehman Kərimov yarışda tətbiq ediləcək bir sıra yeniliklər barədə məlumat verib.
Daha sonra oktyabrın 6-18-də baş tutacaq Yeniyetmələrin III Yay Olimpiya Oyunları haqda videoçarx göstərilib. Olimpiadanın gənc səfiri qismində Azərbaycanı təmsil edəcək Səkinə Vəliyeva Argentina və Oyunlarla bağlı vacib məqamları təqdim edib. Onun sözlərinə görə, yarışda gender bərabərliyi təmin olunub. Belə ki, Buenos Ayres-2018-də 206 ölkədən 2000 oğlan və 2000 qız mübarizə aparacaq. Bu idmançılar 32 idman növü üzrə yarışacaqlar.
Azərbaycan milli komandası Argentinaya oktyabrın 4-də yola düşəcək. 2 boksçumuzun da yer alacağı yığma Vətənə oktyabrın 22-də qayıdacaq.
Qeyd edək ki, Olimpiadanın boks yarışlarında ölkəmizin idman şərəfini Nurlan Səfərovla (60 kq) Nicat Həsənov (69 kq) qoruyacaqlar. 9 idman növü üzrə yarışa qatılacaq millimiz səfərə 17 idmançı, 12 məşqçi, 1 həkim, nümayəndə heyətinin rəhbəri və 1 gənc səfirlə gedəcək. Həmçinin, MOK-un, Gənclər və İdman Nazirliyinin, eləcə də bəzi federasiyalarının rəhbərləri də Argentinaya yollanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası