28 Yanvar 2022, Cümə - 03:46

Umar Kremlyov: “Azərbaycanda boks o qədər yaxşı inkişaf edib ki, səfərimin məqsədi onu daha da gücləndirməkdir”

Azərbaycanda səfərdə olan Beynəlxalq Boks Assosiasiyasının (İBA) prezidenti Umar Kremlyov Bakı Boks Mərkəzində brifinq keçirib. İBA rəhbəri jurnalistlərin suallarını cavablandırıb.

O bildirib ki, Azərbaycanda boks o qədər yaxşı inkişaf edib ki, səfərimin məqsədi onu daha da gücləndirməkdir: “Burada belə gözəl boks akademiyası var. Ölkədə yaxşı idmançılar da var. Belqraddakı son dünya çempionatı bunu göstərdi. Azərbaycan boksçuları gözəl nəticələrə nail oldular. Azərbaycan boksçular ölkəsidir. Milli federasiya ilə qarşılıqlı fəaliyyətimizi müzakirə edəcəyik. Həmçinin idmançılardan hansı çətinliklərinin olduğunu öyrənəcəyəm ki, onları aradan qaldıraq. Vəzifəmiz bütün idmançılar üçün şərait yaratmaqdır”.

Kremlyov Bakı səfəri çərçivəsində baş tutan və planlaşdırılan görüşləri barədə də danışıb. O qeyd edib ki, bu gün gənclər və idman naziri Fərid Qayıbovla qarşılıqlı fəaliyyəti müzakirə ediblər: “Ölkə Prezidentinə və hökumətə minnətdaram. Yarım sözdən bizi başa düşürlər və ölkədə idmana dəstək olurlar. İndi idmançı və məşqçilərlə də müzakirələr aparacağıq. Sonra federasiya prezidenti ilə müzakirə edəcəyəm. Vitse-prezidentlərlə də görüşümüz olacaq. Bu gün danışıqların böyük mərhələsidir ki, boksçularımız üçün şəraiti təkmilləşdirək”.

Kremlyov bildirib ki, Azərbaycanda beynəlxalq turnirlərin, hətta dünya səviyyəli yarışların keçirilməsi gözlənilir.

Assosiasiya prezidenti hakimlik və xalların hesablanması barədə də danışıb. Onun sözlərinə görə, hər turnirdə analiz aparılacaq və qaydaları pozanlar, təhsili yetərli olmayanlar aşkarlanacaq: “Təhsili az olanlara bunu artırmağa kömək edəcəyik, onlar təkrar təhsil alacaq. Qayda pozanlarla isə vidalaşacağıq. İBA-nın qaydaları var. Əgər iki dəfə və ya bir dəfə kobud şəkildə qaydalar pozulubsa, belə insanlarla ömürlük vidalaşacağıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası