20 Oktyabr 2018, Şənbə - 16:20

Nicat Həsənov: “İnanıram ki, nəticə verəcəyik”

“Təlim-məşq toplanışımız davam edir. Hər şey yüksək səviyyədədir. İnanıram ki, nəticə verəcəyik”. Bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə açıqlamasında gənclərdən ibarət Azərbaycan millisinin üzvü Nicat Həsənov deyib.

Yığmamız oktyabrın 6-18-də Argentinanın paytaxtı Buenos Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına hazırlığı davam etdirir. Əsas komanda ilə məşq edən gənc boksçularımız təlim-məşq toplanışına sabah yekun vuracaqlar.

Avropa birinciliyinin gümüş medalçısı hazırlığın yüksək səviyyədə keçdiyini və bunun bəhrəsini Olimpiadada görəcəklərinə inam ifadə edib: “Çempionluq üçün məşq edirik. Bütün gücümüzlə çalışırıq ki, yarışda bizə asan olsun. Rəqiblərin hamısı haqda tam məlumatlı deyiləm. Amma tanıdıqlarım da var. Onların hansı formada olduğu ciddi fərq etməyəcək. Hamımız eyni səviyyədəyik. Hər şeyi rinq göstərəcək”.

Buenos Ayresdə 69 kq çəki dərəcəsində mübarizə aparacaq N. Həsənov Avropa birinciliyindən sonra dünya çempionatını medalsız bitirib. Boksçumuz bildirib ki, bunu Oyunlarda sığortalamağı planlaşdırır: “Püşkdən çox şey asılı olacaq. Lakin mənim üçün fərq etməyəcək. Ən güclü rəqiblərlə düşsəm belə, rinqə qələbə üçün çıxacam. Dünya birinciliyində medal qazana bilmədim. Bunun əvəzini Olimpiadada çıxmağa çalışacam. Məqsədim çempionluqdur”.

Qeyd edək ki, III Yay Olimpiya Oyunlarında qüvvəsini sınayacaq 17 idmançımızdan ikisi boksçudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası