14 İyul 2020, Çərşənbə axşamı - 13:38

İslamiadanın çempionu: “Məqsədim Avropa çempionatından da medalla qayıtmaqdır”

IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan boksçumuz Cavid Çələbiyev çıxışını şərh edib. 60 kq çəki dərəcəsində ilk böyük sınağını uğurla başa vuran dünya çempionumuz bildirib ki, məşqlərdə çəkdiyi əziyyətin bəhrəsini görüb: “Məqsədim çempionluq idi ki, buna da nail oldum. Yeni çəkidə çıxış etməyimə baxmayaraq, ölkəmə qızıl medal qazandırdım. Deyərdim ki, hər bir döyüşüm eyni qaydada keçdi. Boksda asan görüş olmur. Amma final qarşılaşmasını xüsusi qeyd etmək istərdim. Ölkə başçısı cənab İlham Əliyev həmin döyüşü tribunadan izləyirdi. Bunu bildiyim üçün üzərimdə daha çox məsuliyyət hissi var idi. Çox şükür, etimadları doğrulda bildim. Qızıl medal uğrunda qarşılaşmada iraqlı Ammar Karbalai ilə üz-üzə gəldim. Rəqibimdən aşkar şəkildə üstün olaraq, İslamiadanın çempionu tituluna yiyələndim”.

C. Çələbiyev bildirib ki, növbəti hədəfi qarşıdakı Avropa və dünya çempionatlarında uğurlu seriyanı davam etdirməkdir: “Məşqçilər bizə 3-4 günlük istirahət verib. Dincəlib, ardınca yenidən təlim-məşq toplanışına başlayacağıq və Avropa çempionatına hazırlaşacağıq. Bu yarış üçün ciddi məşqlər keçəcəyəm. Məqsədim iyunda olacaq Avropa çempionatından da medalla qayıtmaqdır. Bu, ən böyük hədəflərimdən biridir. İnşallah, istəyimə çataram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası