Azərbaycan Boks Federasiyasının (ABF) Hakimlər Komitəsinin iclası keçirilib. ABF-in mənzil-qərargahında Emil Qurbanəliyevin sədrliyi ilə təşkil olunan yığıncaqda qarşıdakı yarışlar və ədalət təmsilçilərinin hazırlığı ilə bağlı fikir mübadiləsi aparılıb.
Ardınca hakimlər üçün növbəti seminar baş tutub. 18 ədalət təmsilçisinin iştirak etdiyi məşğələlərdə müxtəlif nəzəri və praktiki məsələlər barədə lazımı məlumatları verilib, hakimlərin döyüşlərin gedişində əsas nəyə diqqət yetirmələri izah edilib, qaydalardakı yeniliklər diqqətə çatdırılıb. Yekunda referilərdən testlər götürülüb.
Seminarda həmçinin Rövşən Qədirovun Mərakeşdə Qızıl kəmər seriyası çərçivəsində ilin ilk turnirində idarəçiliyi müzakirə edilib, onun 3 ulduz kateqoriyasına alması üçün bu yarışa göndərildiyi diqqətə çatdırılıb. Bir gün sonra isə daha 3 referi yeni kateqoriya almaq üçün Monteneqroya yollanacaq. Anar Nağdıyev, Fikrət Hacıyev və Elxan Quliyevin 2 ulduz kateqoriyasını rəsmiləşdirmək üçün Budvada beynəlxalq turnirdə iş başında olacaq.
Qeyd edək ki, Monteneqrodakı yarış oktyabrın 14-19-da olacaq.