18 Oktyabr 2017, Çərşənbə - 04:16

Gənclər və İdman Nazirliyində dünya çempionatında uğur qazanmış boksçularla görüş keçirilib

Bu gün Gənclər və İdman Nazirliyində Almaniyanın Hamburq şəhərində keçirilmiş dünya çempionatında 1 qızıl və 1 bürünc medal qazanmış boks millimizlə görüş keçirib. Tədbirdə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks Federasiyasının (ABF) I vitse-prezidenti Ağacan Əbiyev, ABF-in baş katibi Nağı Səfərov, federasiya rəsmiləri, yığmamızın məşqçilər korpusu və idmançılar iştirak ediblər.

F. Mansurov mundialda boksçularımızın çıxışını uğurlu adlandırıb. O, üçqat dünya çempionu tituluna yiyələnən Məhəmmədrəsul Məcidova prezident təqaüdü təyin edilməsini vurğulayıb.

Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Əbiyev bildirib ki, idmançılarımız davamlı olaraq beynəlxalq yarışlarda yüksək nəticələr əldə edirlər: “65 ildir boksdayam. Müstəqillik illərində qazandığımız uğurlar heç vaxt olmayıb. Hər yeni ildə uğurlarımız artır. Məhəmmədrəsul Məcidov Azərbaycan idmanında yeni səhifə açdı. Çünki boksda heç vaxt belə nailiyyətimiz olmamışdı. Bir neçə il öncə Kamran Şahsuvarlını da ancaq Bakıda tanıyırdılar. İndi bütün dünya tanıyır. Mükafat qazanan idmançılarımızı təbrik edir, onlara uğurlar arzulayıram”.

ABF-in baş katibi Nağı Səfərov da boksçularımızın dünya çempionatında tarix yazdığını vurğulayıb: “Əvvəllər biz Azərbaycan idmanın uğurlarından danışırdıqsa, indi rekordlardan söz açırıq. Bütün dünya Məhəmmədrəsul Məcidovdan danışır. Hamburqdakı yarışadək 4 ölkədə üçqat dünya çempionu vardı. Kuba, Bolqarıstan, Rumıniya və Çindən sonra Azərbaycan beşinci oldu”.

Hamburqda 3-cü dəfə dünya çempionu titulunu qazanan Məhəmmədrəsul Məcidov (+91 kq) ilk növbədə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edib: “Azərbaycan prezidenti bizi hər zaman dəstəklədiyi üçün ona təşəkkürümü bildirirəm. Bu, bizim ümumi qələbəmizdir. Bütün komandamızı təbrik edirəm. Çalışacağıq ki, bundan sonra daha da böyük uğurlara imza ataq. Dünya çempionatı ərəfəsində oğlumun doğulması mənə böyük stimul verdi. Kamranla bir otaqda qalırdım və o hansı hisslər keçirdiyimi gördü. Bir ata kimi xoş olar ki, oğlum gələcəkdə mənimlə fəxr etsin”.

Məcidov dünya çempionluqlarını da müqayisə edib. O bildirib ki, əgər əvvəlki yarışlarda daha yaxşı formadaydısa, bu dəfə təcrübəsi köməyinə gəlib.

Dünya çempionatında bürünc medal qazanan Kamran Şahsuvarlı (75 kq) da mükafata gedən yoldan danışıb. O, növbəti yarışlarda özlərini daha yaxşı tərəfdən göstərəcəyinə inam ifadə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası