16 May 2021, Bazar - 13:24

Əli Zamanov 1/4, Cəlal Qurbanov 1/8 finala yüksəlib

Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir. Mundialın üçüncü günündə Azərbaycan millisinin 3 üzvü rinqə çıxıb.

Onlardan Əli Zamanov (52 kq) ikinci qarşılaşmasını keçirib. Ermənistanlı Ruben Qarboyanı mübarizədən kənarlaşdıran yeniyetmələr arasında Avropa çempionumuz bu dəfə tailandlı Tanakon Aonyaemlə üz-üzə gəlib. 1/8 final mərhələsi çərçivəsində baş tutan görüş boksçumuzun qələbəsi ilə yekunlaşıb – 4:1 (28:29, 29:28, 29:28, 29:28, 29:28).

O, yarımfinala gedən yolda rusiyalı Yevgeni Jorovla döyüşəcək. Görüş aprelin 19-na təsadüf edəcək.

Zamanovun uğurunu Cəlal Qurbanov (60 kq) da davam etdirib. 1/16 final mərhələsi çərçivəsində Ferens Samu (Macarıstan) ilə üz-üzə gələn həmyerlimiz rəqibini 5:0 (30:27, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib.

Qurbanov 1/8 final görüşünü aprelin 18-də yaponiyalı Reyto Tsutsumiyə qarşı keçirəcək.

69 kq çəki dərəcəsində qüvvəsini sınayan Samir Nəsirov 1/16 finalda Mateus Urbanla (Polşa) döyüşüb. Görüş rəqibin qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, mundialın ilk günündə Əzrək Bəbirov (56 kq) 1/16 final döyüşünü qələbə ilə bitirib. 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçunun qatıldığı dünya birinciliyi aprelin 23-də başa çatacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası