Azərbaycanın daha 2 gənc boksçusu Monteneqronun Budva şəhərində keçirilən Dünya kubokunda qələbə qazanıb. Yarışın üçüncü günündə rinqə çıxan Ömər Aslanlı (54 kq) və Ziya Həsənov (71 kq) mərhələ adlayıb.
Aslanlı qazaxıstanlı Janseri Koşerbayevi mübarizədən kənarlaşdırıb. Təmsilçimiz rəqibini 4:1 (28:27, 28*:28, 27:29, 28*:28, 28*:28) hesabı ilə məğlub edərək, 1/4 finala yüksəlib. Ömər növbəti görüşündə kubalı Viktor Errera ilə üz-üzə gələcək.
Həsənov isə Besian Karaydan (Albaniya) üstün olub. Boksçumuz rəqibinə 5:0 (30:27, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib. Bu qələbə ilə Ziya həm 1/2 finalda iştirak hüququ qazanıb, həm də özü üçün ən azı bürünc medalı təmin edib. O, finala gedən yolda braziliyalı Tauan da Silva ilə döyüşəcək.
Qeyd edək ki, 25 ölkədən 176 (58 qız, 118 oğlan) boksçunun qatıldığı turnirin dördüncü günündə 6 boksçumuz rinqə çıxacaq.