22 İyul 2018, Bazar - 18:03

“Belə gözəl sözləri eşitmək üçün 80 il yaşamaq lazımdır”

Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abiyevin 80 illik yubileyi münasibətilə tədbir keçirilib. Yığıncağa gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, deputatlar, idman ictimaiyyətinin nümayəndələri və digər şəxslər qatılıblar.

Tədbir yubilyarın həyatına həsr olunmuş filmin nümayişi ilə başlayıb. Mərasimin rəsmi hissəsini açıq elan edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış üçün sözü Azad Rəhimova verib. Yubilyarı təbrik edən nazir daha sonra onun Azərbaycan idmanındakı fəaliyyətindən danışıb.

Ardınca söz alan Əbülfəs Qarayev də 1987-ci ildən 2015-dək ABDTİA-nın rektoru olmuş Abiyev haqda xoş sözlər deyib. O bildirib ki, yubilyarın Azərbaycan idmanının zirvəyə çatmasında xüsusi rolu var.

Təhsil nazirinin müavini Firudin Qurbanov da təbriklərə qoşulub və onun gənclərə nümunə olduğunu vurğulayıb. O, yubilyarı boksun əfsanələrindən biri hesab edib.

Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov Abiyevlə bağlı xatirələrini bölüşüb, tarixə səyahət edib. O bildirib ki, yubilyarı Rəssamlar İttifaqının fəxri üzvü qəbul ediblər.

ABDTİA-nın rektoru Fuad Hacıyev Abiyevin yubileyinin vaxtilə rəhbərlik etdiyi akademiyada keçirilməsini xoş təsadüf adlandırıb. O, ardınca təhsil ocağında son illər edilən yenilikdən danışıb. Hacıyev vurğulayıb ki, məhz Abiyevin formalaşdırdığı kollektivlə bu uğurlara yiyələniblər.

Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Süleyman Mikayılov yubilyara ABF prezidenti Kəmaləddin Heydərovun təbrikini çatdırıb. O, Abiyevi idmançıların atası adlandırıb və bildirib ki, Ağacan müəllimin ölkə boksunun inkişafında, əldə olunan uğurlarda əvəzsiz rolu olub.

Yekunda Abiyev tədbir iştirakçılarına minnətdarlığını bildirib. O qeyd edib ki, indiyədək belə xoş sözlər eşitməyib: “Belə gözəl sözləri eşitmək üçün 80 il yaşamaq lazımdır”.

Abiyev ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb və onun idmana qayğısından danışıb. Yubilyar Azərbaycan prezidenti İlham Əliyevə onu “Şərəf” ordeni ilə təltif etdiyi üçün özünün və ailəsinin adından təşəkkür edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası