06 Dekabr 2023, Çərşənbə - 08:03

Azərbaycan Boks Federasiyasının prezidenti Naxçıvan MR Boks Federasiyasının rəsmiləri, məşqçiləri və idmançılarla görüşüb

Naxçıvan MR-da boks idman növünün inkişafı və maddi-texniki bazasının gücləndirilməsi, kütləviliyinə nail olunması ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Sahil Babayev Naxçıvan Muxtar Respublikasının Boks Federasiyasında olub, Federasiyanın rəsmiləri, məşqçiləri və idmançılarla görüşüb.

Olimpiya İdman Kompleksində keçirilən görüşdə ölkəmizin boks idman növündə ötən il əldə etdiyi uğurlar, Azərbaycan boksçularının 2022-ci ildə beynəlxalq yarışlarda 30-u qızıl, 20-si gümüş olmaqla ümumilikdə 77 medal qazandığı, o cümlədən Avropa çempionatında 5-i qızıl olmaqla, 18 medal əldə etdiyi bildirilib.

Müxtəlif yaş qrupları üzrə milli komandalarımızın 15 yarışda 161 boksçu ilə təmsil olunduğu, onlardan 59-nun Avropa çempionatlarında, 102-nin beynəlxalq turnirlərdə iştirak etdiyi, boksçularımızdan 48 faizinin həmin yarışlarda Azərbaycan bayrağını yüksəklərə qaldırdığı diqqətə çatdırılıb.

ABF-in prezidenti Sahil Babayevə Naxçıvan MR Boks Federasiyasının fəaliyyəti, Naxçıvan boksçularının əldə etdiyi nailiyyətlər, həmçinin boksçuların təlim-məşqlərinin təşkili və s. üzrə görülən işlər barədə məruzə edilib.

Naxçıvan MR-da boks idman növü üzrə mövcud infrastrukturun, təlim-məşq zallarının vəziyyəti və təchizatı, idmançıların təlim məşqlərinin təşkili və məşqlərə davamiyyət, məşqçi-müəllim heyətinin fəaliyyəti, boksçuların digər bölgələrdə təşkil olunan yarış və təlim-məşq toplanışlarında müntəzəm iştirakına şərait yaradılması və s. ilə bağlı məsələlər müzakirə edilib.

Muxtar Respublikada boks idman növünün inkişafı və kütləviliyinə nail olunması, maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub, müvafiq tövsiyə və tapşırıqlar verilib.

Sonda boksçulara idman geyimləri və hədiyyələr təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası