18 Oktyabr 2017, Çərşənbə - 04:09

Boks Azərbaycanda

Boks Azərbaycanda XX əsrin əvvəllərində təşəkkül tapıb. O dövrlər Bakıya işləməyə gələn əcnəbi fəhlə və mühəndislər, neft sənayesi üzrə mütəxəssislər idmanın bu növünü Azərbaycanda yaymağa başlayıblar. Ötən əsrin 20-ci illərində paytaxtımızda həvəskar boksçuların ilk döyüşləri keçirilməyə başladı. 1924-cü ildə Azərbaycan Boks Federasiyası təsis edilib. Azərbaycan idmançılatının beynəlxalq döyüşləri isə 20-ci illərin sonlarına təsadüf edir. Respublikamızda bu idman növünün inkişafında SSRİ-nin Əməkdar İdman Ustası, tanınmış məşqçi Abbas Ağalarovun adı ilə bağlıdır. O, 1928-ci ildə Vladimir Tolstoyla birgə ümumdünya fəhlə olimpiadasında iştirak edib. Sonrakı illərdə Abbas Ağalarov dəfələrlə SSRİ milli komandasının heyətində müxtəlif beynəlxalq turnirlərdə iştirak edib. Ağalarov 1936-cı ildə Azərbaycan boksçuları arasında SSRİ İdman Ustası adını qazanan ilk idmançıdır ( 1936-cı il). 1972-ci ildən hər il Abbas Ağalarovun xatirəsiə həsr olunmuş beynəlxalq boks turniri keçirilir. Azərbaycanın dəri əlcək ustaları İttifaq dönəmində SSRİ çempionatlarında və SSRİ xalqlarının spartakiadalarında mübarizə aparsalar da, boksdakı əsas uğurlarımız məhz müstəqillik illərinə təsadüf edir. Azərbaycan Boks Federasiyası AİBA-nın tam hüquqlu üzvü olduqdan sonra idmançılarımız Olimpiya oyunlarında, Dünya və Avropa çempionatlarında çıxış etməyə başladılar. İlk uğur isə gənclərin yarışında əldə olundu. 1992-ci ildə Şotlandiyanın Edinburq şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində superağır çəkidə mərhum Ədalət Məmmədov bütün rəqiblərini məğlub edərək, qızıl medala layiq görüldü. 1993-cü il də Azərbaycan boksçuları üçün uğurlu oldu. 17 yaşlı Rövşən Hüseynov həm gənclər, həm də böyüklər arasında təşkil olunmuş qitə çempionatının qalibi adını qazandı. Rövşən Hüseynov bir il sonra Banqokda keçirilən Dünya Kubokunda 51 kq çəki dərəcəsində bütün rəqiblərindən üstün oldu. Yarışın ən texnikalı boksçusu üçün ayrılmış xüsusi mükafat Tayland kralı tərəfindən həmyerlimizə təqdim edildi.
1999-cu ildə Azərbaycan boks tarixində ilk dəfə olaraq Bakıda yeniyetmələr arasında (15-16 yaşlılar) Avropa çempionatı keçirildi. Həmin yarışda boksçularımız qitənin əksər güclü komandalarını qabaqlayaraq, Rusiyadan sonra 2-ci yeri tutdular. Həmin yarışda dəri əlcək ustalarımız 4 qızıl, 1 gümüş və 4 bürünc medala sahib oldular. 2001-ci ildə isə paytaxtımızda ilk dəfə olaraq yeniyetmələr arasında Dünya birinciliyi təşkil olundu. 1999-cu ildə olduğu kimi bu dəfə də boksçularımız 2 qızıl, 4 gümüş, 4 bürünc medalla ümumi hesabda Rusiyadan sonra 2-ci nəticə göstərdilər.
Olimpiya oyunlarında boksçularımızın ilk uğuru 2000-ci ildə keçirilmiş Sidney Olimpiadasına təsadüf edir. Planetin ən böyük yarışında 75 kq çəki dərəcəsində mübarizə aparmış Vüqar Ələkbərov bürünc medala layiq görüldü. Bundan 2 il sonra böyüklərdən ibarət yığma komandamız Astanada təşkil olunmuş Dünya Kuboku turnirində 12 komanda arasında 5-ci yeri tutdu. 2002-ci ildə Rusiyanın Perm şəhərində keçirilmiş Avropa çempionatında 54 kq çəki dərəcəsində Şahin İmranov yalnız final görüşündə rusiyalı Dünya çempionu Malaxbekova uduzaraq, gümüş medala layiq görüldü.
2003-cü ildə Banqokda təşkil olunmuş Dünya çempionatı Azərbaycan boksşuları üçün uğurlu oldu. 54 kq çəki dərəcəsində Ağası Məmmədov bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Bu hələki Dünya çempionatları tarixində yeganə qızıl medalımızdır. 64 kq çəki dərəcəsində Tofiq Əhmədov və 69 kq-da isə Ruslan Xairov bürünc medala yiyələndi. Azərbaycan milli komandası Rusiya, Kuba, Tayland və Qazaxıstan boksçuları ilə birgə ilk beşlikdə yer aldılar.
2004-cü il Afina Olimpiadasından da boksçularımız medalla döndülər. 51 kq çəki dərəcəsində Fuad Aslanov, 54 kq-da isə Ağası Məmmədov fəxri kürsünün 3-cü pilləsinə qalxdılar.
2005-ci ildə böyüklər arasında Dünya çempionatı Çin Xalq Respublikasının Myanyanq şəhərində keçirildi. Həmin yarışda boksçularımız 2 gümüş və 1 bürünc medala sahib oldular. 64 kq çəki dərəcəsində Emil Məhərrəmov Dünya çempionatının bürün medalınl qazandı. Romal Amanov (60 kq) və Elçin Əlizadə (91 kq) isə yalnız final qarşılaşmasında uduzaraq, 2-ci yerə sahib oldular. Həmin il Moskvada keçirilmiş Dünya Kuboku yarışında Azərbaycan komandası Rusiya və Kubadan sonra Qazaxıstanla birgə 3-4-cü yerləri bölüşdü.
2006-cı ildə isə Dünya Kuboku yarışları Bakıda keçirildi. Həmin yarışda milli komandamız Kuba və Rusiyadan sonra Ukrayna ilə birgə 3-4-cü yerləri tutdu.
2006-cı ildə Bolqarıstanın Plovdiv şəhərində keçirilmiş Avropa çempionatında da boksçularımız yüksək nəticələrlə yadda qaldılar. 3 boksçumuz qitə çempionatından vətənə gümüş medalla döndü. Şahin İmranov (57 kq), Elçin Əlizadə və Samir Məmmədov (51kq) gümüş, Rahib Bəylərov isə (75 kq) bürünc medala sahib oldular.
2007-ci ildə yeniyetmələr arasında növbəti Dünya çempionatı Bakıda keçirildi. Yüksək səviyyədə keçmiş həmin yarışı AİBA rəsmiləri , boks mütəxəssisləri və şəhərimizin qonağı olmuş rəsmi şəxslər yüksək qiymətləndirdilər. Təsadüfi deyil ki, AİBA prezidenti Çinq Ko Vu bu yarışı indiyədək keçirilmiş yeniyetmələr arasında turnirlər arasında ən yaxşısı kimi dəyərləndirdi. Həmin yarışda 2 qızıl, 2 gümüş və 3 bürünc medal alan komandamız birinci nəticə göstərdi. Rusiya boksçuları 2-ci, Hindistan isə 3-cü yerə sahib oldu.
2007-ci ildə boks üzrə növbəti Dünya çempionatı ABŞ-ın Çikaqo şəhərində baş tutdu. Olimpiya oyunlarına lisenziya xarakteri daşıyan yarışda Azərbaycan idmançılarından yalnız Samir Məmmədov (51 kq) bürünc medala sahib oldu.
2008-ci ildə boks üzrə Avropa çempionatı İngiltərənin Liverpul şəhərində təşkil olundu. Təəssüf ki, bu yarış Azərbaycan idmançılarının uğursuz çıxışı ilə yadda qaldı. Belə ki, Liverpula yollanan boksçularımızdan heç biri mükafatçılar sırasına düşə bilmədi.
2009-cu ildə Dünya çempionatı İtaliyanın Milan şəhərində keçirildi. AİBA bu yarışa xüsusi hazırlaşmışdı. Təsadüfi deyil ki, mundial iştirakçıların sayına görə, rekordla yadda qaldı. Azərbaycan milli komandası İtaliyaya gənc heyətlə yollanmışdı. Azərbaycan boksunda nəsildəyişmə prossesi getmiş və bir çox adlı-sanlı dəri əlcək ustalarımız karyeralarını başa vurmuşdular. Məşqçilər korpusu daha çox 3 təcrübəli idmançıya – Romal Amanov, Emil Məhərrəmov və Elçin Əlizadəyə ümid edirdi. Ancaq Amanov birinci mərhələdə Əlizadə ilə Məhərrəmov isə ikinci mərhələdə uduzaraq, mübarizəni dayandırdılar. Konandamız Miıandakı Dünya çempionatını medalsız başa vurdu.
2009-cu ildə gənclər arasında qitə birinciliyində boksçularımız uğurla mübarizə apardılar. Sumqayıt boks məktəbinin yetirməsi Elvin Məmişzadə (48 kq) bütün rəqibləri üzərində qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Elvin İsayev və Emil Əhmədov isə yalnız finalda uduzaraq gümüş medal əldə etdilər. Daha dörd boksçumuz isə Avropa biriciliyində 3-cü yerə sahib oldular. Nəticədə komandamız yalnız Rusiyanı özündən irəli buraxaraq, 2-ci yeri tutdu.
2009-cu ilin dekabrında Bakıda daha bir nüfuzlu turnir – AİBA Prezident Kuboku keçirildi. Həmin yarışa hər qitənin ən güclü dəri əlcək ustaları toplaşmışdı. Azərbaycan boksçuları da Avropa qitəsinin komandasının heyətində mübarizə aparırdılar. AİBA prezidenti Çinq Ko Vunun da izlədiyi yarışda həmyerlilərimizdən – Emil Məhərrəmov qızıl medala sahib oldu. Digər boksçumuz – Sadiq Eynullayev yalnız həlledici görüşdə uduzaraq, 2-ci oldu. Daha 2 idmançımız Elşən İsmayılov (57 kq) və İsmət Eynullayev (60 kq) isə bürünc medala layiq görüldülər.
2010-cu ilin aprelində Bakıda boks üzrə gənclər arasında Dünya birinciliyi təşkil olundu. Yarış Sinqapurda keçiriləcək yeniyetmələrin ilk Olimpiya oyunlarına lisenziya xarakteri daşıdığından mübarizənin gərgin olacağı heç kimdə şübhə doğurmurdu. Təsadüfi deyil ki, yarışda rekord sayda ölkənin nümayəndələri mübarizə apardı. Komandamızın iki üzvü – Şaban Şahpələngov və Salman Əlizadə qızıl medala sahib oldular. Elvin İsayev isə 3-cü yerlə kifayətləndi.
Yeniyetmələrin Sinqapurdakı ilk Olimpiya oyunlarında Salman Əlizadə və Elvin İsayev gümüş mükafata yiyələndilər. Şaban Şahpələngov isə AİBA tərəfindən 2010-cu ilin ən yaxşı gənc boksçusu elan olundu. Qazaxıstanda – AİBA-nın konqresində həmyerlimizə xüsusi mükafat təqdim olundu.
2010-cu ildə böyüklər arasında Avropa çempionatı Rusiyanın paytaxtı Moskvada təşkil olundu. Yarışa tam heyətlə yollanan boksçularımızdan 48 kq çəki dərəcəsində mübarizə aparan Elvin Məmişzadə 2-ci yerin sahibi oldu. O, finala kimi Rusiya komandasının üzvü David Ayrapetyan və erməni boksçu Hovanes Danielyan üzərində qələbə qazanmışdı. Elvin yarımfinalda Danielyanı 8:1 hesabı ilə məglub etmişdi.
Azərbaycan boksunun son illərdəki ən böyük ugurlarından biri böyüklər arasında Dünya çempionatının Bakıya həvalə edilməsi oldu. 2011-ci ildə keçiriləcək bu yarış London Olimpiadasına lisenziya verəcək.

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası