15 Dekabr 2018, Şənbə - 18:34

Avropa çempionumuz: “Hədəfim Olimpiadada da qızıl medal qazanmaqdır”

“Hazırlıqlarımız yüksək səviyyədə davam edir. Var gücümüzlə çalışırıq ki, Olimpiadada özümüzü yaxşı tərəfdən göstərək”. Bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə açıqlamasında gənclərdən ibarət Azərbaycan millisinin üzvü Nurlan Səfərov deyib.

Avropa çempionumuz oktyabrın 6-18-də Argentinanın paytaxtı Buenos Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına hazırlığı dəyərləndirib. 60 kq çəki dərəcəsində rinqə çıxacaq N. Səfərov yarışa kimi daha yaxşı forma yığıb, çempion olmaq arzusundadır: “Olimpiadaya lisenziyanı Avropa birinciliyində əldə etmişəm. İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində keçirilmiş çempionatda çox yaxşı formadaydım. Düzdür, bu yarışın ardınca baş tutan dünya birinciliyində özümü yaxşı tərəfdən göstərə bilmədim. Buna çempionat ərəfəsində xəstələnməyim səbəb olmuşdu. Amma bu dəfə hər şey plan üzrə gedir və yenə də çox yaxşı formadayam. Əsas məqsədim məşqlərimizin bəhrəsini görmək, Argentinadan medalla dönməkdir”.

Boksçumuz rəqibləri barədə də bir sıra məlumatlar topladıqlarını deyib: “Hazırlıqla yanaşı, rəqiblərimlə də maraqlanıram. Məşqçilərimlə birgə lazımı analizlər aparmışıq. ABŞ, Tailand, Misir, həmçinin Afrika qitəsindən olan idmançılar da yarışa iddialı gələcəklər. Lisenziya qazanan boksçuların hamısı güclüdür. Hər şey rinqdə bilinəcək. Hədəfim Avropa çempionatındakı kimi, Olimpiadada da qızıl medal qazanmaqdır”.

Qeyd edək ki, Azərbaycan milli komandası III Yay Olimpiya Oyunlarında 17 idmançı ilə təmsil olunacaq. Onlardan ikisi boksçudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası