23 Yanvar 2018, Çərşənbə axşamı - 17:22

Ağacan Abiyev – 80

Bu gün Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abiyevin doğum günüdür. Texnika elmləri namizədi, professor, Azərbaycanın əməkdar elm xadimi, Beynəlxalq Elmlər Akademiyasının üzvünün 80 yaşı tamam olur.

1937-ci il noyabrın 24-də Bakının Bülbülə qəsəbəsində anadan olan Abiyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun bədən tərbiyəsi fakültəsini və Azərbaycan Politexnik İnstitutunun metallurgiya istehsalının avtomatlaşdırılması və kompleks mexanikləşdirilməsi fakültəsini bitirib. 1966-cı ildən Azərbaycan Politexnik İnstitutunun avtomatika və hesablama texnikası kafedrasının müəllimi olub. 1971-ci ildən Lipetsk Politexnik İnstitutunun dosenti, kafedra müdiri, 1983-cü ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Elektrotexnika və sənaye elektronikası kafedrasının müdiri vəzifələrində çalışıb. 1987-ci ildən 2015-ci ilədək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru işləyib.

Boksçu karyerası ərzində dəfələrlə beynəlxalq turnirlərdə mükafat qazanan, 6 dəfə Azərbaycan çempionu olan Abiyev SSRİ-nin əməkdar idman ustası, beynəlxalq dərəcəli idman ustası adlarına layiq görülüb. İdmançı karyerasını başa vurduqdan sonra beynəlxalq dərəcəli hakim kimi fəaliyyət göstərən yubilyar 1957-ci ildən “Neftçi” İdman Cəmiyyətində məşqçi kimi də fəaliyyət göstərib. 1984-cü ildən 2009-cu ilədək Azərbaycan Boks Federasiyasının prezidenti olan Abiyev 2 Dünya Kuboku, 2 dünya çempionatı və 1 Avropa birinciliyində baş hakimlik edib. O, Avropa Boks İttifaqının vitse-prezidenti, Hakimlər Komitəsinin sədri, Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) İcraiyyə Komitəsinin və Hakimlər Komissiyasının üzvü vəzifələrini də tutub.

2009-cu ildən Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti olan mütəxəssis, eyni zamanda Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibidir.

2005, 2010 və 2015-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Yeni Azərbaycan Partiyasının üzvüdür.
“Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib.

Azərbaycan Boks Federasiyasının kollektivi Ağacan Abiyevi yubileyi münasibəti ilə təbrik edir, ona uzun ömür və can sağlığı arzulayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası