07 Avqust 2020, Cümə - 18:59

7 boksçumuz Avropa birinciliyinin 1/4 finalına yüksəlib

Türkiyənin Antalya şəhərində gənc boksçular arasında keçirilən Avropa birinciliyində 1/8 final mərhələsinə yekun vurulub. Yarışa tam heyətlə qatılan Azərbaycan millisinin 7 üzvü 1/4 finalda iştirak hüququ qazanıb.

Belə ki, 91 kq çəki dərəcəsində rinqə çıxan İsmayıl Yaqubov Karel Adamı (Çexiya) sınağa çəkib. Gərgin keçən döyüş həmyerlimizin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. O, 1/4 finalda rumıniyalı Filip Kristianla (Rumıniya) gücünü yoxlayacaq.

Yaqubovun uğurunu Orxan Həsənov (56 kq) da davam etdirib. 1/8 finalda ermənistanlı Jirayr Sarqsyanla (Ermənistan) qarşılaşan boksçumuz rəqibinə şans verməyib – 4:1. Həsənov 1/4 finalda rusiyalı Aleksey Kiselyevlə üz-üzə gələcək.

Nicat Həsənov (69 kq) da ilk görüşünü qələbə ilə başa vurub. Auqosto Simonye Buremiyə (İtaliya) 4:1 hesabı ilə qalib gələn idmançımız yarımfinal üçün Qabriel Dossenlə (İrlandiya) döyüşəcək.

75 kq çəki dərəcəsində yığmamızın şərəfini qoruyan Amin Kuşkovun (75 kq) qarşılaşması daha tez başa çatıb. Boksçumuz Edqars Korzenevskisi (Latviya) II raundda nokauta salıb. O, 1/4 finalda fransalı Moreno Fendero ilə münasibətinə aydınlıq gətirəcək.

Surət Qarayev (81 kq) də komanda yoldaşlarından geri qalmayıb. O, Kuştrim Veseliyə (Avstriya) 3:2 hesabı ilə qalib gəlməklə, mərhələ adlayıb. Həmyerlimiz 1/4 finalda Konrad Kajmarkeviçlə (Polşa) mübarizə aparacaq.

Yığmamızın ən ağır çəkili boksçusu Məhəmməd Abdullayev (+91 kq) də ilk sınağını texniki qələbə ilə başa vurub. Milans Volkovsla (Latviya) döyüşən həmyerlimiz III raundun gedişində rəqibini nokauta salıb. 1/4 finalda onun rəqibi rumıniyalı Emanuel Mikan olacaq.

49 kq çəki dərəcəsində rinqə çıxacaq Həsən İbrahimov mübarizəyə 1/4 finaldan başlayacaq. O, Nikita Diniyevlə (Ukrayna) qüvvəsini sınayacaq.

Yığmamızın heyətində Amid Əlizadə (52 kq), Sayad Lalayev (60 kq) və Bəxtiyar Qazıbəyov (64 kq) isə mübarizəni dayandırıblar. Boksçularımız müvafiq olaraq, Davey Oliver Yonsenə (İrlandiya), Otar Naverianiyə (Gürcüstan) və Tuğrulhan Erdemirə (Türkiyə) məğlub olublar.

Qeyd edək ki, 1/4 final mərhələsinin döyüşləri oktyabrın 24-də və 25-də keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası